Aşıq Şəmşirin anadan olmasının 130 illiyinə həsr olunmuş konsert

30 noyabr 2023, 18:00
Bellariastraße 8, 1010 Vyana, Avstriya

Azərbaycan Mədəniyyət Mərkəzində XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Şəmşirin anadan olmasının 130 illiyi qeyd edilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova qonaqlara ümumtürk mədəniyyətində, xüsusilə də Azərbaycan xalqının tarixi, mədəniyyəti və bədii-mənəvi həyatında xüsusi yerə malik aşıq yaradıcılığı barədə məlumat verib. Qeyd edilib ki, Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biri olan aşıq sənəti musiqi, poeziya, rəqs, teatr yaradıcılığı kimi elementləri özündə birləşdirir və ustad aşıqların yaradıcılığı xalqımız tərəfindən hər zaman sevilmiş, əziz tutulmuşdur. Məhz buna görə də 2009-cu ildə Azərbaycan aşıq yaradıcılığı UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilib.

Diqqətə çatdırılıb ki, tarixi uzun əsrlərə dayanan və 16-cı əsrdə Miskin Abdaldan başlayan söz-sənət ailəsində dünyaya göz açan Aşıq Şəmşir hələ gənc yaşlarından Azərbaycan aşıq sənətinin layiqli davamçısına çevrilmiş, milli folklor xəzinəmizi öz səsi, sözü və ifası ilə zənginləşdirmişdir. Azərbaycan aşıq yaradıcılığının böyük nümayəndəsi, Əməkdar incəsənət xadimi Aşıq Şəmşir təkcə el havaları və dastanların mahir ifaçısı və el sənətkarı olmamış, həmçinin özündən sonra zəngin irs qoymuş, poeziya nümunələri ilə yanaşı nəsr əsərləri də qələmə almışdır.

Filologiya üzrə fəlsəfə doktoru Dilarə Mirəhmədova-Əlizadə çıxışında Aşıq Şəmşirlə bağlı fikirlərini bölüşüb və uşaq olarkən anası, Azərbaycan aşıq sənətinin ilk tədqiqatçısı, musiqişünas Eminə Eldarovanın Aşıq Şəmşirin ifalarını lentə aldığından bəhs edib. Qeyd edilib ki, E. Eldarovanın sayəsindən Aşıq Şəmşirin ifasında 75 aşıq havası lentə köçürülüb və onların çoxu indi Azərbaycan Dövlət Radiosunun qızıl fondunda mühafizə olunur.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, Aşıq Şəmşirin nəvəsi Cavid Qurbanov çıxışında ailəsi adından görkəmli el sənətkarının yubileyi münasibətilə təşkil olunmuş tədbir üçün təşəkkür edib, Aşıq Şəmşirlə bağlı xatirələrini bölüşüb. Bildirilib ki, 30 il bundan əvvəl Ermənistanın işğalı nəticəsində Aşıq Şəmşir və onun atası Ağdabanlı Aşıq Qurbanın əlyazmaları Kəlbəcər rayonunda məhv edilib. Lakin Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı və ordusu işğalda olan bütün ərazilərimizi azad etdikdən sonra Dədə Şəmşirin doğma yurdu Kəlbəcər də bu gün azaddır, görkəmli sənətkarın ruhu da şaddır.

Sonra Aşıq Şəmşirin həyat və yaradıcılığına həsr olunmuş sənədli film nümayiş etdirilib.

Tədbirin bədii hissəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, aşıq Fəzail Miskinlinin rəhbərliyi ilə Azərbaycan aşıqları konsert proqramı ilə çıxış edib. Vyanada yaşayan gənc musiqiçilər Abuzər Manafzadə (fortepiano) və Ruhulla Əzizin (kamança) də iştirak etdiyi proqramda sözləri Aşıq Şəmşirə məxsus el havaları ilə yanaşı, sevilən bəstəkar mahnıları da ifa edilib.