Vyanada Beynəlxalq Mədəni Müxtəliflik Təşkilatının (ICDO) təşkilatçılığı ilə keçirilən “Mədəniyyətlərarası bağlılığın uzun gecələri” festivalı çərçivəsində Azərbaycan mədəniyyəti geniş şəkildə təqdim olunub.
Avstriyanın mühüm mədəni tədbirləri sırasında yer alan festival müxtəlif ölkələrin mədəniyyətlərini bir araya gətirərək mədəniyyətlərarası dialoqun, qarşılıqlı anlaşmanın və mədəni müxtəlifliyin təşviqinə xidmət edir. Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi də festival çərçivəsində təşkil olunan silsilə tədbirlərdə iştirak edib.
Festivalın açılışı günü Azərbaycan Mədəniyyət Mərkəzində “Sərhədlərdən kənarda mənsubiyyət: mədəniyyət, kimlik və sülh quruculuğu” (“Belonging Across Borders: Culture, Identity, and Peacebuilding”) mövzusunda panel müzakirəsi keçirilib. Tədbirdə mədəni kimlik, müxtəlif cəmiyyətlərdə mənsubiyyət anlayışı, mədəniyyətlərarası dialoq və mədəniyyətin sülh quruculuğundakı rolu ətrafında fikir mübadiləsi aparılıb.
Festivalın bağlanış mərasimi isə Vyana Şəhər Bələdiyyəsinin bal zalında (Festsaal) təşkil olunan “Dünyanın geyimləri” (“Costumes of the World”) şousu ilə yadda qalıb. 35-dən çox ölkəni təmsil edən 400-dən artıq iştirakçının qatıldığı tədbirdə müxtəlif xalqların milli geyimləri, musiqi və rəqs ənənələri nümayiş etdirilib.
Azərbaycan Mədəniyyət Mərkəzi bağlanış mərasimində ölkəmizin zəngin mədəni irsini milli rəqslə təqdim edib. Səid İbrahimli və Əzizə İbrahimlinin ifasında “Naz eləmə” rəqsi nümayiş etdirilib və tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Tədbir çərçivəsində Azərbaycan üçün ayrıca məlumat guşəsi də yaradılıb. Burada ölkəmizin tarixi, mədəniyyəti və turizm imkanlarını əks etdirən müxtəlif məlumat və təbliğat materialları, broşürlər təqdim olunub. Qonaqlara, həmçinin Azərbaycan milli mətbəxinin nümunələri, o cümlədən milli şirniyyatlar təqdim edilib.
Azərbaycan Mədəniyyət Mərkəzinin festivalda iştirakı ölkəmizin zəngin mədəni irsinin Avstriya ictimaiyyətinə və beynəlxalq auditoriyaya tanıdılması, eləcə də mədəniyyətlərarası dialoqun təşviqi baxımından əhəmiyyətli olub.