“Lətif Kərimov – 120 il” sərgisinin açılışı

01 oktyabr 2026, 19:00
Bellariastraße 8, 1010 Wien, Österreich

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, 2026-cı ildə görkəmli xalçaçı-rəssam və alim Lətif Kərimovun anadan olmasının 120 illiyi qeyd edilir. 

Avstriyadakı Azərbaycan Mədəniyyət Mərkəzində görkəmli xalçaçı-rəssam, sənətşünas alim, Azərbaycan xalçaçılıq elminin banilərindən biri Lətif Kərimovun 120 illiyinə həsr olunmuş Azərbaycan xalçalarının sərgisinin açılış mərasimi keçirilib.

Vyanada təşkil olunan sərgi də yubiley çərçivəsində Azərbaycan xalça sənətinin zəngin irsinin beynəlxalq auditoriyaya daha yaxından təqdim olunmasına xidmət edir.

Azərbaycan Mədəniyyət Mərkəzi və “Azərxalça” ASC-nin birgə əməkdaşlığı çərçivəsində təşkil olunan sərginin açılışında Avstriyada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, Azərbaycan icmasının üzvləri, eləcə də yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova Lətif Kərimovun Azərbaycan xalçaçılıq sənətinin inkişafındakı müstəsna xidmətlərindən danışıb. Bildirilib ki, görkəmli sənətkarın zəngin yaradıcılıq və elmi irsi Azərbaycan xalçaçılıq ənənələrinin öyrənilməsi, sistemləşdirilməsi və gələcək nəsillərə ötürülməsində mühüm rol oynayıb. Onun fəaliyyəti milli xalça sənətinin elmi əsaslarla tədqiqinə, ayrı-ayrı xalça məktəblərinin və ornament sistemlərinin təsnifatına əhəmiyyətli töhfə verib.

Daha sonra çıxış edən “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Emin Məmmədov Azərbaycan xalçasının xalqın çoxəsrlik tarixini, dünyagörüşünü, estetik zövqünü və mədəni yaddaşını özündə yaşadan mühüm milli irs nümunəsi olduğunu diqqətə çatdırıb. O, Azərbaycan xalçaçılıq ənənələrinin qorunması, yaşadılması və beynəlxalq miqyasda tanıdılmasının əhəmiyyətindən bəhs edib, Lətif Kərimovun bu sənətin inkişafında və elmi şəkildə öyrənilməsində əvəzsiz rolunu vurğulayıb.

Çıxışlardan sonra qonaqlar sərgi ilə tanış olmağa dəvət ediliblər. Ekspozisiyada Azərbaycanın müxtəlif xalçaçılıq məktəblərini təmsil edən xalçalar nümayiş etdirilib, onların ornamentləri, kompozisiyası, rəng həlli və toxuculuq xüsusiyyətləri barədə məlumat verilib.

Sərginin xüsusi maraq doğuran hissələrindən biri Azərbaycan xalçaçılıq sənətinin canlı nümayişi olub. Azərbaycandan Vyanaya gəlmiş xalçaçı ustad dəzgah arxasında ənənəvi xalça toxuma prosesini nümayiş etdirib, ziyarətçilərə ilmənin vurulma qaydasını göstərib. Qonaqlar özləri də dəzgah arxasına keçərək xalçada ilmə vurmağı sınayıblar. Tapşırığı uğurla yerinə yetirən iştirakçılara xatirə olaraq kiçik hədiyyə sertifikatları təqdim edilib. İnteraktiv təqdimat xüsusilə əcnəbi ziyarətçilərin böyük marağına səbəb olub.

Sərginin daha geniş auditoriyaya əlçatanlığını təmin etmək məqsədilə onun xüsusi elektron versiyası da hazırlanıb. Rəqəmsal platformada Azərbaycan xalçaçılığının tarixi, Lətif Kərimovun həyat və yaradıcılığı, Azərbaycanın əsas xalçaçılıq məktəbləri, sərgidə nümayiş etdirilən nümunələr, onların ornament və toxuculuq xüsusiyyətləri barədə məlumatlar Azərbaycan, alman, ingilis, italyan, türk və rus dillərində təqdim olunur.

Çoxdilli rəqəmsal təqdimat Azərbaycan Mədəniyyət Mərkəzinin Avstriyanın ən böyük mədəniyyət layihələrindən biri olan “ORF Lange Nacht der Museen” (“Muzeylərin uzun gecəsi”) proqramında iştirakı nəzərə alınaraq hazırlanıb. Mədəniyyət Mərkəzi artıq dördüncü ildir ki, bu layihəyə qoşularaq Azərbaycan mədəniyyətini geniş Avstriya ictimaiyyətinə təqdim edir. Layihə çərçivəsində müxtəlif yaş qruplarından olan ziyarətçilərin Azərbaycan xalçaçılıq irsi ilə yaxından tanış olması üçün sərgi proqramı ilə yanaşı, uşaqlar üçün də xüsusi maarifləndirici və interaktiv proqram nəzərdə tutulub.

Azərbaycanın zəngin xalçaçılıq ənənələrini müasir və interaktiv təqdimat vasitələri ilə bir araya gətirən sərgi həm yerli, həm də əcnəbi ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.