Oktyabrın 3-də Avstriyada ənənəvi “Muzeylərin uzun gecəsi” (“ORF-Lange Nacht der Museen”) festivalı keçirilib. Ölkənin ən böyük mədəniyyət layihələrindən biri hesab olunan festival çərçivəsində yüzlərlə muzey və mədəniyyət müəssisəsi axşam saat 18:00-dan gecə yarısınadək ziyarətçilərin üzünə açıq olub.
Avstriyadakı Azərbaycan Mədəniyyət Mərkəzi artıq dördüncü ildir ki, bu genişmiqyaslı mədəniyyət layihəsində iştirak edir. Bu il Mərkəz festival çərçivəsində 400-dən çox ziyarətçi qəbul edərək ötən illərlə müqayisədə rekord göstəriciyə nail olub.
Festival zamanı ziyarətçilərə görkəmli xalçaçı-rəssam, sənətşünas alim və Azərbaycan xalçaçılıq elminin banilərindən biri Lətif Kərimovun 120 illiyinə həsr olunmuş Azərbaycan xalçaları sərgisi təqdim edilib. “Azərxalça” ASC ilə əməkdaşlıq çərçivəsində təşkil olunan sərgidə Azərbaycan xalçaçılıq məktəblərinin zəngin bədii ənənələrini, rəng və ornament müxtəlifliyini əks etdirən xalçalar nümayiş olunub.
Sərginin daha geniş auditoriyaya əlçatanlığını təmin etmək məqsədilə onun xüsusi elektron versiyası da hazırlanıb. Rəqəmsal platformada Azərbaycan xalçaçılığının tarixi, Lətif Kərimovun həyat və yaradıcılığı, Azərbaycanın əsas xalçaçılıq məktəbləri, sərgidə nümayiş etdirilən nümunələr, onların ornament və toxuculuq xüsusiyyətləri barədə məlumatlar Azərbaycan, alman, ingilis, italyan, türk və rus dillərində təqdim olunur.
Festival proqramı çərçivəsində Azərbaycan xalçaçılıq sənətini ziyarətçilərə daha yaxından tanıtmaq məqsədilə interaktiv proqram da təşkil edilib. Mərkəzdə quraşdırılmış ənənəvi xalça dəzgahında həm uşaqlar, həm də böyüklər ilmə ataraq xalçanın toxunma prosesini yaxından öyrənmək və bu qədim sənətin yaradılma prosesinin bir hissəsinə çevrilmək imkanı əldə ediblər.
Xalça dəzgahında ilmə atan ziyarətçilərə iştiraklarının xatirəsi olaraq xüsusi sertifikatlar təqdim edilib. Uşaqlara isə xalça toxuculuğu ilə tanışlığı davam etdirmələri üçün kiçik toxuculuq dəzgahları hədiyyə olunub.
Balaca ziyarətçilər üçün Azərbaycan xalçalarının zəngin ornament və naxışlarından ilhamlanaraq xüsusi rəngləmə materialları da hazırlanıb. Uşaqlar həmin ornamentləri öz rəng seçimlərinə uyğun işləyərək Azərbaycan xalça sənətinin bədii dünyası ilə yaradıcı formada tanış olublar.
“Muzeylərin uzun gecəsi” festivalının konsepsiyasına uyğun olaraq, ziyarətçilər vahid biletlə proqramda yer alan müxtəlif muzey və mədəniyyət müəssisələrini ziyarət etmək imkanı əldə ediblər. Azərbaycan Mədəniyyət Mərkəzində təqdim olunan sərgi və interaktiv proqram müxtəlif yaş qruplarından olan qonaqların böyük marağına səbəb olub.
Festival çərçivəsində 400-dən çox qonağın Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət etməsi Mərkəzin “Muzeylərin uzun gecəsi”ndə iştirak etdiyi dörd il ərzində qeydə alınan ən yüksək ziyarətçi göstəricisi olub.