Avstriyada geniş oxucu kütləsinə malik “Society“ dərgisinin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə ənənəvi tədbir keçirilib. Diplomatik korpus və hökumət dairələri üzrə ixtisaslaşmış dərgi artıq uzun illərdir ki, Novruzun milli bayram kimi qeyd olunduğu ölkələrin nümayəndələrinin iştirakı ilə bu tədbiri keçirir.
Bayram tədbirində ölkəmizi Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib. Tədbirdə Vyanada akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, Avstriya ictimaiyyətinin nümayəndələri, yerli media, Şərq mədəniyyəti və musiqisinə maraq göstərən insanlar iştirak ediblər.
Bayram şənliyində ondan çox ölkənin hər biri ayrıca guşədə Novruzla bağlı adət-ənənə, materiallar, milli təam və şirniyyatlar təqdim ediblər. Azərbaycan guşəsində mədəniyyətimiz, tariximiz, milli mətbəximiz və musiqimizə aid broşür və kitabçalar təqdim olunub. Xüsusi ekranda isə Azərbaycana həsr edilmiş tanıtım xarakterli videoçarxlar nümayiş olunub. Bundan əlavə, Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşı Rəşidə Əsgərli Azərbaycan guşəsinə yaxınlaşan qonaqlara Azərbaycan dilində sözlər öyrədərək, onlara həvəsləndirici dil sertifikatları da təqdim edib.
Tədbirin bədii hissəsində Azərbaycan, Qazaxıstan, İraq, İran və Tacikistan və başqa ölkələrin musiqiçi və rəqqasları çıxış ediblər. Azərbaycanı tədbirdə kamança ustası Ruhulla Əziz və tarzən Danial Moazeni təmsil ediblər. Musiqiçilər “Laçın” xalq mahnısı, “Uzundərə” rəqsi və Adil Gərayın “Baxçakürd” əsərini ifa ediblər.