Sentyabrın 21-də Vyanada Beynəlxalq Mədəni Müxtəliflik Təşkilatının (ICDO) “Mədəniyyətlərarası bağlılığın uzun gecələri” (The Long Nights of Interculturality) təşəbbüsü çərçivəsində Azərbaycan Mədəniyyət Mərkəzində “Sərhədlərdən kənarda mənsubiyyət: mədəniyyət, kimlik və sülh quruculuğu” (Belonging Across Borders: Culture, Identity, and Peacebuilding) mövzusunda panel müzakirəsi keçirilib.
Tədbirin əvvəlində Azərbaycan Mədəniyyət Mərkəzinin baş məsləhətçisi Gülər Əzizova iştirakçıları salamlayaraq Mərkəzin direktoru Leyla Qasımovanın adından qonaqlara xoş arzularını çatdırıb. O, Azərbaycan Mədəniyyət Mərkəzi ilə ICDO arasında əməkdaşlığın artıq ənənəvi xarakter aldığını qeyd edərək, bu cür tədbirlərin müxtəlif mədəniyyət və baxışları təmsil edən insanları bir araya gətirməsi baxımından əhəmiyyətini vurğulayıb.
Çıxışda həmçinin cari ilin oktyabr ayında Bakıda keçiriləcək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna diqqət çəkilib. Bildirilib ki, beynəlxalq forum mədəniyyət, incəsənət, ədəbiyyat və humanitar əməkdaşlığın cəmiyyətlər arasında qarşılıqlı anlaşmaya töhfəsinin müzakirəsi üçün mühüm platforma rolunu oynayacaq. Bu mühüm beynəlxalq tədbir ərəfəsində Vyanada mədəniyyətlərarası dialoqa həsr olunan panelin keçirilməsinin rəmzi əhəmiyyət daşıdığı qeyd edilib.
Panel müzakirəsində Əfqanıstanın Avstriyadakı səfiri və BMT-nin Vyana bölməsi yanında daimi nümayəndəsi Manizha Baktari, Transmədəni Kampaniya Təşkilatının direktoru, jurnalist və müəllif Melita H. Šunjić, Vyana Diplomatik Akademiyasının Mədəniyyət Araşdırmaları şöbəsinin rəhbəri Giulia Pelillo, Webster Vienna Private University-nin Media Kommunikasiyaları departamentinin rəhbəri Anthony Löwstedt, Qananın BMT-nin Vyana bölməsi yanında Daimi Nümayəndəliyinin müşaviri Sean Henry Osei çıxış ediblər.
Vyana Qlobal Araşdırmalar İnstitutunun beynəlxalq münasibətlər üzrə mütəxəssisi Eleonora Nerinin moderatorluğu ilə keçirilən müzakirədə mədəni kimlik, mənsubiyyət, miqrasiya və müxtəlif cəmiyyətlərdə birgəyaşayış, eləcə də mədəniyyətlərarası dialoqun sülh quruculuğunda rolu ətrafında fikir mübadiləsi aparılıb.
Çıxışlarda müxtəlif mədəni və sosial mənşəyə malik insanların bir-birini daha yaxından tanıması, qarşılıqlı hörmət və anlaşmanın gücləndirilməsi, cəmiyyətlər arasında dialoqun təşviqi və mədəni müxtəlifliyin sülhün möhkəmləndirilməsində əhəmiyyəti vurğulanıb.
Panel müzakirəsi iştirakçıların sualları və fikir mübadiləsi ilə davam edib.