Zəfər Günü münasibətilə konsert proqramı

05 noyabr 2026, 19:00
Bellariastraße 8, 1010 Wien, Österreich

Avstriyadakı Azərbaycan Mədəniyyət Mərkəzində 8 Noyabr – Zəfər Günü münasibətilə təntənəli konsert proqramı təşkil olunub.

Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə keçirilən konsertdə Azərbaycanın Xalq artisti, görkəmli bəstəkar Faiq Sücəddinovun və digər Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova Zəfər Gününün tarixi əhəmiyyətindən, Azərbaycan xalqının birlik və həmrəyliyinin rəmzi kimi daşıdığı mənəvi dəyərdən bəhs edib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova 8 Noyabr – Zəfər Gününün Azərbaycan xalqı üçün tarixi və mənəvi əhəmiyyətindən danışıb. O, bu günün xalqımızın birliyinin, gücünün və doğma torpaqlara qayıdış arzusunun gerçəkləşməsinin rəmzi olduğunu qeyd edib. Çıxışında Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad edən Leyla Qasımova Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Qələbədə əməyi olan hər kəsə minnətdarlığını ifadə edib.

Leyla Qasımova, həmçinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işlərinə, “Böyük Qayıdış” proqramı çərçivəsində 40 mindən çox insanın doğma yurdlarına qayıtmasına diqqət çəkib. O, çıxışında sülhün və qarşılıqlı anlaşmanın əhəmiyyətini qeyd edərək, münaqişələrin dialoq və qarşılıqlı hörmət əsasında həll olunduğu dinc gələcəyə ümidini ifadə edib.

Daha sonra Azərbaycanın Xalq artisti, görkəmli bəstəkar Faiq Sücəddinov tədbir iştirakçılarını salamlayaraq hər kəsi 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib. O, tarixi Zəfərin Azərbaycan xalqının birlik və həmrəyliyinin təcəssümü olduğunu vurğulayıb. 

Konsertin bədii hissəsində Faiq Sücəddinovun əsərləri bəstəkarın öz ifasında, eləcə də soprano Fatimə Cəfərzadə və nağara ifaçısı Əhəd Nəbiyevin iştirakı ilə təqdim olunub. Proqramda digər görkəmli Azərbaycan bəstəkarlarının əsərlərinə də yer verilib.

Səmimi və bayram əhval-ruhiyyəsində keçən tədbirdə Avstriyada yaşayan Azərbaycan icmasının üzvləri, yerli ictimaiyyət və diplomatik korpusun nümayəndələri iştirak ediblər. Konsert proqramı Azərbaycan musiqisinin zənginliyini nümayiş etdirməklə yanaşı, Zəfər Gününün sevincini birgə bölüşmək üçün əlamətdar fürsət olub. Tədbir konsert proqramından sonra təşkil olunan ziyafətlə davam edib.