Zəfər Günü münasibətilə Vyanada fotosərgi və bayram konserti təşkil olunub

06 noyabr 2025, 18:30
Bellariastraße 8, 1010 Wien, Österreich

8 Noyabr – Zəfər Günü münasibətilə Vyanada yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində fotoqraf Murad Orucovun müəllifi olduğu “Qələbə sevinci“ adlı fotosərgi və bayram konserti təşkil edilib.

Azərbaycanın Avstriyadakı səfirliyi və Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkil etdiyi tədbirdə Vyanada akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, yerli ictimaiyyətin nümayəndələri və soydaşlarımız iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan mərkəzin rəhbəri Leyla Qasımova bildirib ki, bu il ölkəmizdə “Konstitusiya və Suverenlik İli“ elan olunub və tam beş il bundan əvvəl müzəffər Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tarixi ədaləti bərpa edərək, suverenlik və ərazi bütövlüyümüzü bərqərar edib.

L.Qasımova, həmçinin diqqətə çatdırıb ki, bu gün Azərbaycan münaqişə və işğalın ağır nəticələrini aradan qaldıraraq, Qarabağ bölgəsində sürətlə quruculuq və bərpa işləri aparır, ümumilikdə Cənubi Qafqaz regionuna sülh, rifah və davamlı inkişaf gətirəcək ümidli gələcək naminə ciddi addımlar açır.

Avstriyadakı səfirimiz Rövşən Sadıqbəyli bildirib ki, Azərbaycan mədəniyyətinin və musiqisinin beşiyi olan Şuşa şəhərinin azad edilməsi ilə xalqımız şanlı Zəfərə imza atıb və 44 günlük Vətən müharibəsi qələbə ilə başa çatdı. Münaqişənin başa çatması ilə Azərbaycan müharibəni deyil, eyni zamanda sülhü qazanmaq üçün əzmlə yolunu davam etdirdi və Ermənistanla münasibətlərin normallaşdırılması prosesinə start verildi. Bu, 30 illik işğal, dağıntılar və 1 milyondan çox qaçqın və məcburi köçkünün faciəsindən sonra bizim üçün çox çətin vəzifə idi. Lakin Azərbaycan tərəfi keçmişdə baş verənləri unutmadan gələcəyə yönəlmiş addımlar atır, sülh sazişi, kommunikasiyaların açılması, regionda əmin-amanlıq və rifahın bərqərar olması üçün çalışır. Bu proses bu ilin avqust ayında Vaşinqtonda imzalanmış tarixi razılaşmalarla normallaşma prosesində yeni bir mərhələyə çevrildi.

“Arts Council Azerbaijan” təşkilatının rəhbəri Dadaş Məmmədov sərgi barədə fikirlərini bölüşüb. O qeyd edib ki, bu sərgi siyasət haqqında deyil, duyğular haqqındadır. Qələbənin insani tərəfi — insanların sevincli simaları, birliyi haqqındadır. Fotoqraf Murad Orucovun obyektivindən döyüşü və əsgərləri deyil, işığı və sülhü görmək mümkündür və hər bir foto canlı tarixdir. Çünki incəsənət sözlər olmadan da yaddaşı qorumaq gücünə malikdir.

Çıxışlardan sonra tədbir iştirakçılarına “Zəfər – 44 gün” adlı videoçarx nümayiş olunub.

Sonra Vyanada yaşayan azərbaycanlı musiqiçi Fərid Feyzullayevin rəhbərlik etdiyi orkestr Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən ibarət klassik konsert proqramı ilə çıxış ediblər.

Konsertdən sonra qonaqlara ziyafət verilib.